Azərbaycanın notasından sonra Gürcüstan XİN açıqlama yayıb
Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan nömrə nişanlı yük avtomobillərinin ölkənin sərhəd-keçid məntəqələrində üzləşdiyi ləngimələrlə bağlı Azərbaycan səfirliyinin təqdim etdiyi diplomatik notaya cavab verib. Gürcüstan XİN-in Aktual.ge portalına verdiyi açıqlamada bildirilib ki, məsələ müvafiq dövlət qurumlarının diqqətinə çatdırılıb və qanunvericiliyə uyğun tədbirlər görülür.
Açıqlamada qeyd olunub ki, avqustun 5-də Azərbaycanın Gürcüstandakı səfirliyi yük avtomobillərinin ölkəyə daxil olması və ya ərazidə hərəkəti zamanı yaranan ləngimələrlə bağlı Gürcüstan XİN-ə müraciət edib. Məlumatın müvafiq qurumlara çatdırıldığı və aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin həyata keçirildiyi bildirilib.
Xatırladaq ki, əvvəllər Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını sürücüsü müxtəlif gömrük-keçid məntəqələrində günlərlə, bəzi hallarda isə bir aydan artıq müddətdə saxlanıldıqlarını bildirib. Sürücülər saxlanılmanın səbəbi barədə rəsmi izahat verilmədiyini və sənədlərinin götürüldüyünü qeyd ediblər.
Bu vəziyyətlə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə diplomatik nota təqdim edib. Gürcüstan XİN-in cavabı məsələnin araşdırıldığını və qanuni tədbirlərin görüldüyünü göstərir.