Ermənistan tarixində ilk dəfə katolikos məhkəmə qarşısına çıxacaq
Ermənistan tarixində ilk dəfə olaraq bütün ermənilərin katolikosu və Ali Ruhani Şuranın altı üzvü məhkəmə qarşısına çıxacaq. İlkin dinləmələr avqustun 7-də yerli vaxtla saat 15:00-da Ermənistanın Armavir rayonunun birinci instansiya ümumi yurisdiksiya məhkəməsində keçiriləcək.
Bu ilin fevralında Ermənistan Baş Prokurorluğu katolikos Qaregin İkinciyə qarşı cinayət işi açıb və ona ölkədən çıxmaq qadağan edilib. İş, Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq ittihamı ilə bağlıdır. Saroyan, baş nazir Nikol Paşinyanın kilsə əleyhinə kampaniyasına qoşulduqdan sonra katolikosun əmri ilə ölkədəki yeparxiyalardan birinin rəhbəri vəzifəsindən azad edilib və Ali Ruhani Şuranın qərarı ilə yepiskop rütbəsindən məhrum edilib.
Saroyan vəzifəsinə bərpa olunması üçün məhkəməyə müraciət edib. Məhkəmə icraçıları Erməni Kilsəsinə onun fəaliyyətinə mane olmağı qadağan ediblər. İstintaq Komitəsində isə məhkəmə aktının icra edilməməsi faktı ilə bağlı cinayət işi açılıb.
Ruhanilərin maraqlarını təmsil edən vəkil Ara Zohrabyan əvvəllər bildirib ki, dövlətin katolikosun qərarlarına müdaxiləsi Kilsənin muxtariyyətinin, dövlət və Kilsə arasındakı konstitusion münasibətlərin və vicdan azadlığının əsas prinsipinin pozulmasıdır.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan əvvəllər katolikos Qaregin İkincinin taxtdan imtina etməsinin zəruriliyini bəyan edib və onu ölkənin təhlükəsizliyinə təhdid adlandırıb. O, həmçinin katolikosun rütbəsindən məhrum edildiyini, patriarx taxtını ələ keçirdiyini, subaylıq andını pozduğunu və ictimaiyyətə niyə həyat yoldaşı və uşaqlarının olduğunu izah etməli olduğunu bildirib.