Ali Məhkəmə: Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir
Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Qərar, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal edən şirkətlərin müqavilə bağlanmasa belə, müəllif qonorarı ödəməli olduğunu təsbit edir.
İşin hallarına görə, müəllif hüquqlarının kollektiv idarəetmə təşkilatı olan Gildiya, cavabdeh şirkətin audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması üçün istifadə olunan avadanlıqları idxal etdiyini iddia edərək, müqavilə bağlanması və qonorarın tutulmasını tələb edib. Cavabdeh isə idxal etdiyi malların qanunda nəzərdə tutulan surətçıxarma avadanlıqları hesab edilmədiyini, yalnız elektronika və məişət texnikası idxal etdiyini bildirərək iddianı rədd edib.
Aşağı instansiya məhkəmələri iddianı rədd edərkən, müqavilənin könüllü bağlanmalı olduğunu və məcburetməyə yol verilmədiyini, həmçinin iddiaçının malların qanunda göstərilən kateqoriyaya aid olduğunu sübut edə bilmədiyini qeyd ediblər. Lakin Ali Məhkəmə bu mövqeyi qismən dəyişdirərək bildirib ki, müəlliflərin qonorar almaq hüququ və idxalçıların ödəniş öhdəliyi birbaşa qanundan irəli gəlir və müqavilə bu hüququ yaradan hüquqi fakt deyil, onun həyata keçirilməsi mexanizmlərindən biridir.
Ali Məhkəmə vurğulayıb ki, əks yanaşma qəbul edilərsə, idxalçılar sadəcə müqavilə bağlamaqdan imtina etməklə ödəniş öhdəliyindən yayına bilərlər ki, bu da müəlliflərin əmlak hüquqlarının qorunmasını mümkünsüz edər və hüquqdan sui-istifadəyə şərait yaradardı. Müqavilə bağlanmadıqda idxalçı, Nazirlər Kabinetinin müəyyən etdiyi minimum məbləğdə qonorar ödəməlidir.
Bundan əlavə, Ali Məhkəmə qanunun 17.3-cü maddəsində sadalanan avadanlıq və maddi daşıyıcıların siyahısının məhdud olmadığını, texnoloji inkişaf nəzərə alınmaqla funksional meyar əsasında şərh edilməli olduğunu bildirib. Yəni, konkret texniki vasitənin bu kateqoriyaya aid olub-olmaması onun adından deyil, audiovizual əsərlərin surətinin çıxarılması imkanını təmin edib-etməməsindən asılıdır. Nəticədə, kassasiya şikayəti qismən təmin edilib.