Bilgəhdə dənizdə batan 21 yaşlı gəncin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində, xilasetmə məntəqəsindən təxminən 1 kilometr aralıda, nəzarətsiz ərazidə bir nəfərin dənizdə batması barədə məlumat daxil olub. Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb edilib.
Aparılan axtarış əməliyyatı nəticəsində dalğıclar 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyitini suda aşkar edərək çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, FHN-dən verilən məlumata görə, həyata keçirilən operativ xilasetmə əməliyyatı zamanı üç nəfər xilas edilib. Xilas edilənlər 2001-ci il təvəllüdlü Fətəliyev Məhəbbət Şövkət oğlu, 2000-ci il təvəllüdlü Mustafayev Sahil Bəhruz oğlu və 2001-ci il təvəllüdlü Cəlalov Elburus Zümrüd oğludur.
Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb. Qurumlar tərəfindən araşdırma aparılır.