Siyasət

Ombudsman Xocavənddə mina hadisəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

1 saat 0 baxış 93% yoxlanıb nəzarətli

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Xocavənd rayonunda humanitar minatəmizləmə əməliyyatları zamanı özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə bağlı narahatlığını ifadə edib. Ombudsman Aparatından verilən məlumata görə, hadisə bu gün baş verib və xəsarət alan şəxs 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğludur.

Ombudsman vətəndaşları mina təhlükəsinin davam etdiyini nəzərə alaraq azad olunmuş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız müəyyən olunmuş marşrutlardan istifadə etməyə və naməlum əşyalara toxunmamağa çağırıb. O, həmçinin hər zaman ayıq-sayıq olmağın vacibliyini vurğulayıb.

Müvəkkil qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin uzun illər ərzində kütləvi şəkildə minalarla çirkləndirilməsi münaqişədən sonrakı dövrdə də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. Mina partlayışları insanların təhlükəsiz mühitdə yaşamaq hüququnun həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına maneə olaraq qalır.

Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti və aidiyyəti beynəlxalq təşkilatları mina təhlükəsinin yaratdığı ağır humanitar nəticələrə daha həssas yanaşmağa, Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb. O, bu istiqamətdə texniki, maliyyə və ekspert dəstəyinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ombudsman bir daha qeyd edib ki, mina təhlükəsinin aradan qaldırılması insan hüquqlarının etibarlı təmin olunması, insanların həyat və sağlamlığının qorunması, eləcə də işğaldan azad edilmiş ərazilərin təhlükəsiz bərpası və məskunlaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mənbələr

← bütün xəbərlər