Bilgəhdə dəniz faciəsi: bir nəfər boğulub, üç nəfər xilas edilib
Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə baş verən hadisə nəticəsində bir nəfər boğulub, üç nəfər isə xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, insident çimmək üçün təchiz olunmamış ərazidə, ən yaxın xilasetmə məntəqəsindən təxminən bir kilometr aralıda qeydə alınıb.
Axtarış əməliyyatına Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedici dalğıcları cəlb edilib. Aparılan axtarışlar nəticəsində 2005-ci il təvəllüdlü Niyaz Pirməmmədovun cəsədi suda aşkarlanaraq çıxarılıb və müvafiq qurumlara təhvil verilib.
Eyni zamanda, FHN-in dalğıclarının operativ müdaxiləsi sayəsində Bilgəhdə dənizdə üç gəncin həyatını xilas etmək mümkün olub. Xilas edilənlər 2001-ci il təvəllüdlü Məhəbbət Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Mustafayev və 2001-ci il təvəllüdlü Elbrus Cəlalovdur.
Qeyd edək ki, hadisə çimmək üçün nəzərdə tutulmayan ərazidə baş verib. Xilasedicilər vətəndaşları yalnız təchiz olunmuş çimərliklərdə çimməyə və xilasetmə məntəqələrinin yaxınlığında olmağa çağırır.