Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs edilib
Türkiyənin ədliyyə naziri Akın Gürlek ölkədə baş verən meşə yanğınları ilə bağlı aparılan istintaqın nəticələri barədə məlumat yayıb. Nazirin açıqlamasına görə, iyunun 1-dən etibarən ölkənin 16 vilayətində ümumilikdə 44 meşə yanğını qeydə alınıb və bu hadisələrlə bağlı 29 şübhəli müəyyən edilib.
İstintaq çərçivəsində şübhəlilərdən 6-sı barəsində həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, daha 9 nəfər barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub, 6 şübhəli isə saxlanılıb və onlarla bağlı prosessual hərəkətlər davam etdirilir.
Nazir Gürlek bu barədə məlumatı özünün sosial şəbəkə hesabında paylaşıb. O, yanğınların törədilməsində şübhəli bilinən şəxslərə qarşı hüquqi prosedurların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, meşə yanğınları Türkiyənin müxtəlif regionlarında ciddi ekoloji və iqtisadi itkilərə səbəb olub. Hakimiyyət orqanları yanğınların səbəblərini araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün genişmiqyaslı istintaq aparır.