Cəmiyyət

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

1 saat 0 baxış 97% yoxlanıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 2026-2027-ci tədris ili üçün məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesinin avqustun 5-dən etibarən müvəqqəti dayandırıldığını açıqlayıb. Bu barədə qurumdan verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul prosesi il ərzində davam etdiriləcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul "mygov" portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Xatırladaq ki, bu il ilk dəfə olaraq qəbul prosesi "myGov" platforması üzərindən həyata keçirilib. Valideynlər və ya qanuni nümayəndələr müəyyən edilmiş tarixlərdə "myGov" kabinetinə daxil olaraq "Xidmətlər" bölməsində Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciətlərini ediblər.

Növbəyə yazılma prosesi iyulun 7-də saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri üzrə başlanıb. Bakı şəhəri üzrə elektron növbələr isə iyulun 9-da saat 11:00-dan aktivləşdirilib.

← bütün xəbərlər