İqtisadiyyat

Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir

1 saat 0 baxış 93% yoxlanıb

Azərbaycan Dəmir Yolları QSC (ADY) və Gürcüstan Dəmir Yolları arasında sərhəd keçid prosedurlarının optimallaşdırılması ilə bağlı Böyük Kəsik stansiyasında görüş keçirilib. Görüşdə hər iki ölkənin dəmir yolu administrasiyalarının və aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər. Əsas müzakirə mövzusu beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması, eləcə də sərhəd keçidi zamanı vaxt itkisinə səbəb olan amillərin aradan qaldırılması olub.

Görüşdə rəqəmsal həllərin tətbiqi və elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri də müzakirə edilib. ADY ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları nəzərdən keçirilib. Həmçinin gömrük idarələri də daxil olmaqla aidiyyəti dövlət qurumlarının informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi ilə bağlı qərarlar qəbul edilib.

Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması üçün yeni yanaşmanın tətbiqini razılaşdırıblar. Əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan–Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyasında, Gürcüstan–Azərbaycan istiqamətində isə Tbilisi qovşaq stansiyasında aparılması nəzərdə tutulur. Bu optimallaşdırma yük qatarlarının sərhəd keçid müddətini iki dəfə azaldacaq. Yeni prosedurlar artıq marşrut üzrə uğurla test edilib.

Görüşdə həmçinin ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib. Bakı–Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması üçün sərhəd və gömrük prosedurlarının sadələşdirilməsinin vacibliyi vurğulanıb.

ADY-dən bildirilib ki, bu yeniliklər Azərbaycan və Gürcüstan arasında dəmir yolu əməkdaşlığının yeni mərhələyə keçməsinə, Orta Dəhliz üzrə yükdaşımaların rəqabətqabiliyyətinin artmasına və tranzit vaxtının azalmasına şərait yaradacaq. Son illərdə Böyük Kəsik istiqamətində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində sərhəd keçidi məntəqəsinin ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb, dəmir yolu infrastrukturu müasir tələblərə uyğun yenilənib.

Mənbələr

← bütün xəbərlər