Azərbaycanda əcnəbilərin qeydiyyat qaydalarını pozma halları artıb
Dövlət Miqrasiya Xidməti (DMX) son dövrlərdə ölkə ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı qanunvericilik tələblərinin pozulması hallarının artdığını bildirib. Qurumun yaydığı məlumata görə, bu tendensiya müşahidə olunur və müvafiq tədbirlərin görülməsi zərurəti yaranıb.
Azərbaycanın Miqrasiya Məcəlləsinə əsasən, ölkə ərazisində 15 gündən artıq müvəqqəti qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu qayda həm ölkəyə gələn şəxslərə, həm də onları qəbul edən tərəfə aiddir.
DMX əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, habelə onları qəbul edən tərəfləri miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır. Qeydiyyat prosesi üçün qəbul edən tərəf, əcnəbinin ölkəyə gəldiyi andan 15 gün ərzində müvafiq ərizə-anketi və həmin şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.
Qeydiyyat proseduru üçün dövlət rüsumu ödənilmir. Lakin müəyyən edilmiş müddətdə qeydiyyata alınmamaq həm əcnəbilərin, həm vətəndaşlığı olmayan şəxslərin, həm də onları qəbul edən tərəflərin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yaradır.