Avqustun 4-də Azərbaycanda hava şəraiti: 38 dərəcəyədək isti gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə şimal-şərq küləyi əsəcək, gündüz isə cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normaya uyğun olaraq 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 45-50 faiz arasında dəyişəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə temperatur gecə 15-20 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq.