Ağdamda əkin sahələrini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin araşdırılması çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı əraziyə qaldırılmış pilotsuz uçuş aparatı və video-müşahidə kameralarının görüntüləri təhlil edilib. Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən olunub.
İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən həmin şəxs saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.
Qeyd edək ki, ötən günlərdə Ağdamın bir sıra kəndlərində yanğın hadisələri baş verib.