Şirvan kanalının bəndi bərpa edilib, su verilişi mərhələli bərpa olunur
Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində baş vermiş sızma nəticəsində zədələnmiş bənd tam bərpa edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, təmir-bərpa işləri artıq yekunlaşıb və suyun verilişi mərhələli şəkildə bərpa olunur.
Agentlikdən bildirilib ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında su verilişi artıq tam bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının su təminatı isə növbəti günün axşam saatlarına qədər tam bərpa ediləcək. Bütün ərazilər üzrə tam həcmdə suyun verilməsinin avqustun 7-si səhər saatlarından etibarən həyata keçiriləcəyi gözlənilir.
Hadisə baş verən kimi əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, işlərə dərhal başlanılıb. Operativ tədbirlər sayəsində bənd qısa müddətdə bərpa edilib və suyun verilişi tədricən təmin olunub.
Sızma nəticəsində su təchizatında müvəqqəti fasilə yaranan ərazilərə su maşınları cəlb edilib. Bu tədbirlər sayəsində vətəndaşların suya olan tələbatı müvəqqəti olaraq ödənilib.