Rusiyadan Ermənistana Azərbaycan tranziti ilə buğda və daş kömür göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçiriləcək. Bu dəfə təyinat ölkəyə 8 vaqon buğda və 10 vaqon daş kömür göndəriləcək. Yüklərin daşınması sabah həyata keçiriləcək.
Bu barədə məlumat verən mənbələrə görə, buğda və daş kömür yüklü vaqonlar sabah saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək. Bu, Rusiya-Ermənistan arasında Azərbaycan tranziti ilə həyata keçirilən müntəzəm yükdaşımaların davamıdır.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydasında 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları daşınıb.
Eyni dövrdə Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib. Bu da regional nəqliyyat əlaqələrinin inkişafını göstərir.