Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb
Misir milli komandasının hücumçusu Məhəmməd Salah Türkiyənin “Trabzonspor” klubu ilə rəsmi müqavilə imzalayıb. Klubun açıqlamasına görə, 34 yaşlı futbolçu ilə iki illik müqavilə bağlanılıb. Bu yay “Liverpul”dan ayrılan Salah üçün transferin maliyyə şərtləri də açıqlanıb.
Müqaviləyə əsasən, Salah hər mövsüm üçün 10 milyon avro əməkhaqqı və 7 milyon avro imza haqqı alacaq. Beləliklə, futbolçunun hər mövsüm üçün ümumi qazancı 17 milyon avro təşkil edəcək. Bundan əlavə, müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq, oyunçuya bonuslar da ödəniləcək.
Maraqlı məqamlardan biri də odur ki, “Məhəmməd Salah” adı ilə satılacaq məhsullardan əldə olunan gəlirin 20 faizi futbolçuya veriləcək. Bu, klubun kommersiya gəlirlərindən oyunçunun pay almasını nəzərdə tutur.
Qeyd edək ki, Məhəmməd Salah uzun müddət İngiltərənin “Liverpul” klubunda çıxış edib və bu yay klubdan ayrılıb. Onun yeni klubu “Trabzonspor” Türkiyə Super Liqasında mübarizə aparır.