Londonda bıçaqlı hücum: 4 nəfər yaralandı, şübhəli qadın saxlanılıb
Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində yerləşən Kovent Qarden ərazisində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Polis hadisə ilə əlaqədar 47 yaşlı qadını saxlayıb.
Hadisə yerli vaxtla saat 12:29-da Endell küçəsində qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və London hava təcili yardımı cəlb olunub. Hava təcili yardım helikopteri müdaxilə üçün Trafalqar meydanına eniş edib.
Polisin məlumatına görə, 34, 39, 42 və 52 yaşlı dörd kişidə bıçaq xəsarətləri aşkarlanıb. Yaralılar tibb müəssisəsinə çatdırılıblar. Onların səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
İlkin məlumata əsasən, hadisəni törədənin psixi sağlamlıq problemi olub. Hadisə yerində qayçı aşkarlanaraq götürülüb. Araşdırma davam edir.