Bakıda üç küçədə təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının üç rayonunda yol təmir işlərinin başlanacağını açıqlayıb. Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyətlər Suraxanı rayonundakı 14 İyul küçəsində, Yasamal rayonunda Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər olan hissəsində və Səbail rayonunda Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinə qədər olan hissəsində qüvvədə olacaq.
Agentliyin məlumatına görə, qeyd olunan küçələrdə hərəkət avqustun 6-da saat 08:00-dan avqustun 7-də saat 22:00-dək qismən, avqustun 7-də saat 23:00-dan avqustun 10-da saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.
AAYDA sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmalarını, göstərilən müddətdə alternativ yollardan istifadə etmələrini və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edib.