Bakı metrosunda xətlərin ayrılması layihəsinin əsas mərhələsi avqustun 15-dən başlayır
Bakı Metropolitenində "Yaşıl" və "Qırmızı" xətlərin "28 May" stansiyasında kəsişərək birləşməsi problemi uzun illərdir mövcuddur. Bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə start veriləcək. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Layihənin birinci istiqaməti "Dərnəgül" stansiyası yaxınlığında elektrik deposunun tikintisinin ikinci mərhələsinin başa çatdırılmasını əhatə edir. Bu, həmin istiqamətdə qatarların texniki xidmətinin və istismarının daha səmərəli təşkilinə imkan verəcək. İkinci mərhələdə isə "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək, uzunluğu təxminən 200 metr olan iki yeni tunel inşa ediləcək. Tikintinin 10-11 ay ərzində başa çatdırılması planlaşdırılır, lakin zəminin hidrogeoloji vəziyyəti əlverişli olarsa, işlər daha tez yekunlaşa bilər.
Tikinti dövründə "Qırmızı xətt" üzrə qatarların hərəkəti dəyişməyəcək. Qatarlar "İçərişəhər"–"Həzi Aslanov" marşrutu üzrə əvvəlki qaydada fəaliyyət göstərəcək, "28 May" stansiyası da normal rejimdə işləyəcək. Lakin "28 May"–"Nizami" istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən "Yaşıl xətt" üzrə qatarlar müvəqqəti olaraq "Dərnəgül"–"Nizami" marşrutu üzrə hərəkət edəcək.
Layihə tamamlandıqdan sonra qatarlar "Dərnəgül"–"Nizami"–"Cəfər Cabbarlı"–"Xətai" marşrutu ilə hərəkət edəcək. Xətlər ayrıldıqdan sonra sərnişinlər "Yaşıl xətt"dən "Qırmızı xətt"ə "Cəfər Cabbarlı"–"28 May" keçidi vasitəsilə, əks istiqamətdə isə "28 May"–"Cəfər Cabbarlı" piyada keçidlərindən istifadə edə biləcəklər. Sərnişin axınının daha rahat idarə olunması üçün əlavə piyada keçidi də inşa edilir.
Layihənin növbəti mərhələsi metropolitendə sıxlığın aradan qaldırılmasına xidmət edəcək. Bu məqsədlə qatarlararası intervalların azaldılması nəzərdə tutulur. "İçərişəhər" stansiyasının arxasında və "Xətai" stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında dönmə kameraları yaradılacaq. Bu infrastruktur qatarların maneəsiz hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək. Qarşıdakı beş il ərzində on yeni stansiyanın inşası planlaşdırılır ki, bu da metropolitenin daşıyıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.