Buzovnada dənizdə üç nəfər batıb, bir nəfərin meyiti tapılıb
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə üç nəfərin batması hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 kilometr aralıda qeydə alınıb. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal əməliyyat tədbirləri başlanılıb.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarış işləri nəticəsində 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas edilib. Ona ilkin tibbi yardım göstərilib və aidiyyəti qurumlara təhvil verilib.
Axtarış zamanı 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti sahildə aşkar edilib. Hazırda suda batdığı ehtimal olunan digər şəxs - 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir.
Qeyd edək ki, hadisə nəzarətsiz çimərlik ərazisində baş verib. FHN vətəndaşları xilasetmə məntəqələri ilə təchiz olunmuş çimərliklərdən istifadə etməyə və dənizdə təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.