Bakının və regionların bir sıra ərazilərində avqustun 6-da elektrik enerjisi müvəqqəti məhdudlaşdırılacaq
Avqustun 6-da Bakının bir sıra rayonlarında və Azərbaycanın regionlarında elektrik təchizatı obyektlərində planlı təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Təmir işləri paytaxtdakı bir neçə transformator yarımstansiyasında və regionlarda 10 kV-luq hava elektrik verilişi xətlərində həyata keçiriləcək.
Görülən işlərin məqsədi elektrik təchizatının keyfiyyətini artırmaq və artan elektrik enerjisi tələbatını ödəməkdir. Bununla əlaqədar Yasamal rayonundakı 2-ci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Nərimanov rayonunda Ziya Bünyadov prospektinin və Şahmar Ələkbərov küçəsinin ayrı-ayrı hissələri saat 09:00-dan 13:00-dək elektriksiz qalacaq. Ağdaş rayonunun Yuxarı Ləki, Güvəkənd və Əmirarx kəndlərində isə saat 10:00-dan 14:00-dək planlı enerji kəsilməsi olacaq.
Ucar rayonunun Təzə Şilyan kəndində elektrik enerjisinin verilişi saat 10:00-dan 12:00-dək dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin sakinləri daha keyfiyyətli və sabit elektrik enerjisi ilə təmin olunacaqlar.