Azərbaycan Mərakeşdə keçirilən beynəlxalq tədbirin fəxri ölkəsi seçilib
Azərbaycan Mərakeşin Larache şəhərində keçirilən II Beynəlxalq Mərakeşlilər Görüşünün fəxri ölkəsi seçilib. Bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Tədbir avqustun 2-dən 4-dək davam edib. Görüş çərçivəsində Azərbaycanın Mərakeşdəki səfirliyinin müvəqqəti işlər vəkili Tural Rəsulov çıxış edərək iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın yüksək səviyyəsini vurğulayıb.
Rəsulov həmçinin diasporların xalqların yaxınlaşmasında və beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib. O, bu amillərin Azərbaycan və Mərakeş arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Səfir Səmədovun paylaşdığı məlumata görə, Azərbaycanın bu tədbirdə fəxri ölkə kimi iştirakı ölkələr arasındakı dostluq əlaqələrinin daha da genişlənməsinə xidmət edir. Tədbir Mərakeşdə yaşayan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən mərakeşli icmaların nümayəndələrini bir araya gətirib.