Air India təyyarəsi güclü burulğana düşüb, 17 nəfər xəsarət alıb
Hindistanın "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Pxuketdən Deliyə uçarkən güclü burulğan zonasına düşüb. NDTV telekanalının məlumatına görə, hadisə zamanı göyərtədə 137 sərnişin, o cümlədən üç körpə və səkkiz ekipaj üzvü olub.
Güclü burulğan nəticəsində 17 nəfər, o cümlədən dörd ekipaj üzvü xəsarət alıb. Təyyarə buna baxmayaraq Delhi hava limanına uğurla eniş edib və bütün sərnişinlərlə ekipaj üzvləri göyərtəni tərk ediblər.
Aviaşirkətin məlumatına görə, yüngül xəsarət alan bir neçə sərnişin və ekipaj üzvü tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib. Daha sonra beş sərnişinin xəstəxanadan buraxıldığı, qalanlarının isə müalicəsinin davam etdiyi bildirilib.
Hindistan Mülki Aviasiya Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb. Araşdırma Mülki Aviasiya Baş İdarəsi (DGCA) tərəfindən aparılır.