"Air India" təyyarəsi güclü burulğana düşüb, 17 nəfər xəsarət alıb
Tailandın Pxuket şəhərindən Hindistanın Nyu-Dehli şəhərinə uçan "Air India" aviaşirkətinin sərnişin təyyarəsi güclü burulğan zonasına düşüb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 17 nəfər, o cümlədən dörd ekipaj üzvü xəsarət alıb. NDTV telekanalının məlumatına görə, insident zamanı təyyarənin özünə də ziyan dəyib.
Məlumata əsasən, reysi həyata keçirən təyyarənin göyərtəsində üç körpə də daxil olmaqla 137 sərnişin və səkkiz ekipaj üzvü olub. Güclü burulğan nəticəsində yaranan vəziyyət səbəbindən bir neçə sərnişin və ekipaj üzvü yüngül xəsarətlər alıb. Təyyarə buna baxmayaraq, Dehli hava limanına uğurla eniş edib və bütün sərnişinlərlə ekipaj üzvləri təyyarəni tərk edə bilib.
"Air India" şirkətinin açıqlamasına görə, yüngül yaralanan bir neçə sərnişin və ekipaj üzvü müayinə üçün tibb müəssisələrinə yerləşdirilib. Daha sonra aviaşirkət beş sərnişinin xəstəxanadan buraxıldığını, qalanlarının müalicəsinin davam etdiyini bildirib. Şirkət təyyarənin Dehlidə təhlükəsiz şəkildə endiyini və bütün sərnişinlərin təyyarədən düşdüyünü təsdiqləyib.
Hindistan Mülki Aviasiya Nazirliyindən verilən məlumata görə, Mülki Aviasiya Baş İdarəsi (DGCA) insidentlə bağlı araşdırmaya başlayıb. Hadisənin səbəbləri və təyyarəyə dəyən ziyanın miqyası araşdırma çərçivəsində müəyyən ediləcək.