Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan gəmi dron hücumuna məruz qalıb
Qara dənizdə Türkiyənin Rusiyaya meyvə-tərəvəz daşıyan "Ro-ro" tipli gəmisi dron hücumuna məruz qalıb. Hadisə nəticəsində gəmidə yanğın başlayıb və dörd heyət üzvü yaralanıb. Məlumata görə, yaralananlardan üçü Türkiyə vətəndaşıdır.
Gəmi Samsun limanından Rusiyanın Novorossiysk şəhərinə yola düşmüşdü. Gəminin kapitanı Yalçın Şahin bildirib ki, hücum Ukrayna tərəfindən həyata keçirilib və hücum zamanı 6-7 dron istifadə olunub.
Kapitanın sözlərinə görə, bölgədəki dronlar Rusiya donanmasının gəmiyə yaxınlaşmasına və yardım göstərməsinə mane olub. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu hadisə Qara dənizdə ticarət gəmiçiliyinə qarşı təhlükələrin davam etdiyini göstərir. Hücumun dəqiq səbəbləri və nəticələri ilə bağlı araşdırma aparılır.