Türkiyə və HƏMAS rəhbərləri İstanbulda Qəzza sülh planını müzakirə edib
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyan ilə görüş keçirib. Görüşün əsas mövzusu Qəzzada sülh planına keçid üçün hazırlanan yol xəritəsi olub. Bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, görüşdə sülh planının ikinci mərhələsinə keçid üçün hazırlanan yol xəritəsi müzakirə olunub və HƏMAS-ın bu təşəbbüsə müsbət yanaşdığı bildirilib. Tərəflər İsrailin yol xəritəsinə cavab vermək əvəzinə Qəzzada hücumlarını artırmasından narahatlıq ifadə ediblər.
Görüşdə həmçinin İsrailin Qəzza ilə yanaşı, İordan çayının Qərb sahili və Qüdsdə fələstinlilərin hüquqlarını pozması məsələləri də müzakirə olunub. Tərəflər bunun qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin hərəkətə keçməsinin vacibliyini vurğulayıblar.
Bundan əlavə, Qəzzada sülhün təmin olunması üçün Türkiyə, Qətər və Misirin birgə səylərinin əhəmiyyəti qabardılıb. Görüşün detalları ilə bağlı əlavə məlumat verilməyib.