Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
Şuşa şəhərində təcili tibbi yardım bölməsi istifadəyə verilib. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, əvvəllər Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurduna – Şuşa şəhərinə köçürülüb. Bölmə 24/7 rejimində, yəni gecə-gündüz fasiləsiz fəaliyyət göstərir və 2 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.
TƏBİB-dən bildirilib ki, əhalinin təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, çağırışlara daha operativ reaksiya verilməsi, xidmətin əhatə dairəsinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Son illər ərzində təcili tibbi yardım xidmətinin daha səmərəli təşkili məqsədilə ölkənin müxtəlif bölgələrində yeni stansiya və filialların yaradılması, mövcud briqadaların sayının artırılması, habelə texniki təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.