Bakının bir sıra küçə və yollarında avqustun 3-dək hərəkət məhdudlaşdırılacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtda aparılan təmir işləri ilə əlaqədar avqustun 1-dən 3-dək bir sıra küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq olunacağını açıqlayıb.
Məlumata görə, xarici dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinədək) avqustun 1-i saat 06:00-dan avqustun 3-ü saat 06:00-dək hərəkət tam məhdudlaşdırılacaq. Eyni zamanda, Şeyx Şamil küçəsində (H. Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinədək) və Lermontov küçəsində (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinədək) avqustun 1-dən 3-dək yol tam bağlanacaq.
Bəzi istiqamətlərdə isə məhdudiyyət artıq tətbiq olunmağa başlanıb. Belə ki, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinədək) və Şıxəli Qurbanov küçəsində (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək) iyulun 31-i saat 20:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Bu məhdudiyyət avqustun 3-ü saat 06:00-dək davam edəcək.
Agentlik sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı, alternativ yollardan istifadə etməyi, həmçinin təmir aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi riayət etməyi tövsiyə edib.