Texnologiya

Azərbaycan məktəbliləri Avropa İnformatika Olimpiadasında 3 medal qazandı

2 saat 6 baxış 96% yoxlanıb

Litvanın Kaunas şəhərində 24-30 iyul 2026-cı il tarixlərində keçirilən Yeniyetmələrin 10-cu Avropa İnformatika Olimpiadasında (EJOI 2026) Azərbaycan komandası uğurla çıxış edib. Yarışda 25 ölkədən 100 şagird iştirak edib və Azərbaycan təmsilçiləri 3 bürünc medal qazanıblar.

Medal qazanan şagirdlər arasında Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Tuncay Paşayev, Bakı şəhəri Kimya, biologiya təmayüllü liseyin 9-cu sinif şagirdi Mahmud İsalı və Göyçay şəhəri 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Vaqif Abdullayev var.

Qeyd edək ki, Azərbaycan məktəbliləri Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 2017-ci ildən iştirak edirlər. Bu müddət ərzində komanda ümumilikdə 4 gümüş və 14 bürünc medal toplayıb.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu təşəbbüs şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq yarışlara hazırlanması və ölkənin texnoloji potensialının gücləndirilməsi məqsədi daşıyır.

Mənbələr

← bütün xəbərlər