Sərhəd pozuntuları və qanunsuz miqrasiya ilə bağlı DSX hesabatı
Dövlət Sərhəd Xidməti (DSX) ötən ay ərzində dövlət sərhədinin pozulması ilə bağlı 26 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılan şəxslərin milli tərkibi müxtəlifdir: yeddi Azərbaycan, səkkiz Əfqanıstan, dörd Pakistan, üç İran, bir Türkiyə, bir Livan (qaçqın statusu olan), bir Rusiya Federasiyası və bir Nigeriya vətəndaşı. Bu məlumat DSX-nin rəsmi hesabatına əsasən yayılıb.
Qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyatlar zamanı saxta tarix möhürü və pasportdan istifadə edən, habelə başqa şəxsə məxsus sənədlərlə sərhədi keçməyə cəhd göstərən doqquz nəfər saxlanılıb. Sərhəd rejim qaydalarını pozan 44 nəfər barəsində isə müvafiq inzibati tədbirlər görülüb.
Cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanlarının axtarışında olan 330 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Bundan əlavə, ölkədən çıxışı qadağan edilmiş 797 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 31 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 105 kiloqram 793 qram narkotik vasitə, 64 litr narkotik məhlul və 3 309 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Bir halda pilotsuz uçuş aparatı vasitəsilə 330 qram narkotik vasitə və 790 ədəd psixotrop həb daşınmasının qarşısı alınıb.