Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara müraciət edib
Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb. Bu barədə Bakı Təşəbbüs Qrupundan məlumat verilib. Məktubda fransalı deputatlar Fransanın müstəmləkəçi tarixindən xəbərsiz olmaqda və dənizaşırı ərazilərin yerli xalqlarına etinasız yanaşmaqda ittiham edilir. Komitə qeyd edir ki, həmin xalqlar azadlıq və öz müqəddəratını təyinetmə uğrunda uzun illər mübarizə aparıb, böyük itkilər veriblər, lakin deputatlar bu əraziləri hələ də Fransanın toxunulmaz mülkiyyəti kimi təqdim edirlər.
Məktubda vurğulanır ki, tarixi yenidən şərh etməyə çalışarkən köləlik, kütləvi deportasiyalar, yerli xalqların torpaqlarının mənimsənilməsi və digər ağır nəticələr unudulmamalıdır. Komitə deputatların yanaşmasını müstəmləkəçilik faktının və yerli xalqların iradəsinin zorakılıq yolu ilə məhdudlaşdırılmasının tamamilə inkar edilməsi kimi qiymətləndirir. Qeyd olunur ki, bu cinayətlər xalqların tarixi və kollektiv yaddaşına dərindən həkk olunub və onlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməlidir.
Məktubda həmçinin bildirilir ki, Fransa hazırda Afrika kontinentində itirməkdə olduğu təsir dairəsini bərpa etmək və dənizaşırı ərazilərə yenidən tam nəzarəti ələ keçirmək məqsədilə aqressiv siyasət yürüdür. Bu siyasət həmin ərazilərdə yaşayan xalqların azad iradəsinə və öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlib. Qəmər adalarında milli azadlıq uğrunda aparılan mübarizə 22 dekabr 1974-cü ildə keçirilən referendumla nəticələnib və həmin referendum Qəmər xalqının müstəqillik iradəsini birmənalı şəkildə ortaya qoyub.
Komitə qeyd edir ki, Fransa Qəmər dövlətinin ərazi bütövlüyünə hörmət etmir və Qəmər adalarına məxsus Mayot adasını qanunsuz şəkildə öz nəzarətində saxlayır. Mayot sonradan Fransanın 101-ci departamentinə, daha sonra isə Avropa İttifaqının ucqar regionlarından birinə çevrilib. Məktubda vurğulanır ki, Mayot heç vaxt Fransanın ümumi inkişaf proqramlarının tamhüquqlu iştirakçısı olmayıb, əksinə, orada xüsusi qanunlar tətbiq edilir, səhiyyə, təhsil və təhlükəsizlik sahələrində minimum imkanlar belə çatışmır.
Deputatlara çağırış edilir ki, tarixi yenidən yazmağa çalışmaq əvəzinə, Fransanın öz müstəmləkə keçmişi ilə üzləşməli və tarixi faktları olduğu kimi qəbul etməlidirlər. Məktubda qeyd olunur ki, xalqların azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsinin qarşısını almaq mümkün deyil və bu, dənizaşırı ərazilərdə yaşayan xalqlara da tam şəkildə aiddir.