"Port Baku" yaşayış kompleksində yanğın söndürülüb
Bakının Səbail rayonunda yerləşən "Port Baku" yaşayış kompleksində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğın binanın 10-cu mərtəbəsində yerləşən mənzildə qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə alovun binanın yuxarı mərtəbələrində müşahidə edildiyi bildirilir.
Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınıb və qısa müddətdə söndürülüb. Hadisə nəticəsində dağıntı və ya digər fəsadlar barədə məlumat verilməyib.
Fövqəladə Hallar Nazirliyi yanğının səbəbləri ilə bağlı əlavə araşdırma aparılacağını bildirib. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama verilməyib.