“Neftçi” Konfrans Liqasını tərk edib
Azərbaycanın “Neftçi” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda bu gün Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe Siti” stadionunda Belarusun “Dinamo” (Minsk) klubu ilə cavab oyunu keçirib. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb və baş hakim Tim Marşalın (Şimali İrlandiya) idarəsi altında keçirilib.
Qarşılaşma “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 12-ci dəqiqədə Breno Almeyda vurub. Lakin bu nəticə mərhələni keçmək üçün yetərli olmayıb, çünki ilk oyunda “ağ-qaralar” Minskdə 2:4 hesabı ilə məğlub olmuşdu. İki oyunun ümumi nəticəsinə görə “Neftçi” 3:4 hesabı ilə uduzaraq turnirdən kənarlaşıb.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidubun rəhbərlik etdiyi komanda bu oyunda Emil Balayev, Rüfət Abbasov, Murad Xaçayev, Endryu Qravilyon, Mamadu Sako, Emin Mahmudov (kapitan), İfeanyi Metyu, Qustavo Klisman, İmad Faraj, Breno Almeyda və Lyubomir Tupta ilə meydana çıxıb. “Dinamo” isə İvan Şimakoviç, Qleb Qurban, Aleksey İvanov, Vlaadislav Kalinin, Abdul Aziz Ture, Aleksandr Selyava (kapitan), Artyom Sokolovski, Favaz Abdullahi, Mustafa Cimet, Yevgeni Malaşeviç və Karen Vardanyandan ibarət heyətlə oynayıb.
Beləliklə, “Neftçi” UEFA Konfrans Liqası ilə vidalaşıb və mövsümdəki avrokubok yürüşü başa çatıb.