Cəmiyyət

"Nar"ın dəstəyi ilə inklüzivlik hekayələri illüstrasiyalı formatda təqdim olunur

4 saat 6 baxış 93% yoxlanıb

"Nar" mobil operatorunun dəstəyi ilə həyata keçirilən "Bütün Vücudlar Danışır" sosial layihəsi çərçivəsində inklüzivlik mövzusunda maarifləndirmə işi yeni formatda davam etdirilir. "DanceAbility Azerbaijan" təşkilatının icra etdiyi layihədə icma üzvlərinin real həyat təcrübələri illüstrasiyalı hekayələr vasitəsilə ictimaiyyətə çatdırılır. Bu yanaşma qısa mətn və aydın vizual materiallarla müxtəlif mövzuları daha əlçatan edir və bu sahədə məlumatlılığın artmasına töhfə verir.

Layihə çərçivəsində ilk hekayə eşitmə məhdudiyyəti olan və əmək fəaliyyətinə yeni başlayan Nərgizin həyat təcrübəsinə əsaslanır. Bu hekayə vasitəsilə əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların qarşılaşdığı çətinliklər barədə məlumat verilir. Layihənin əsas məqsədi əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təşviq etmək, inklüziv icmanı gücləndirmək və əlillik mövzusunda ictimai məlumatlılığı artırmaqdır.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayından başlayan layihədə indiyədək 238 nəfər iştirak edib. Onlardan 51 nəfəri əlilliyi olan, 187 nəfəri isə əlilliyi olmayan şəxslərdir. Layihə ərzində rəqs məşğələləri, icma görüşləri, master-klaslar və müxtəlif birgə fəaliyyətlər təşkil olunur. İştirak etmək istəyənlər qeydiyyat linki və ya WhatsApp vasitəsilə (+994772828880) müraciət edə bilərlər.

"Nar" sosial məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin inkişafını, bərabər imkanların yaradılmasını və hər kəsin cəmiyyət həyatında fəal iştirakını dəstəkləyir. "Bütün Vücudlar Danışır" layihəsinə göstərilən dəstək bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bir hissəsidir. Şirkət hazırda 2,2 milyon abunəçiyə xidmət göstərir və son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur.

Mənbələr

← bütün xəbərlər