Mərdəkanda dənizdə itkin düşən tələbə Zeynəb Məmmədzadədən 30 gündür xəbər yoxdur
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin III kurs tələbəsi, 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin iyulun 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə itkin düşməsindən bir ay keçməsinə baxmayaraq, ondan hələ də xəbər yoxdur. İtkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında bildirib ki, avqustun 5-də hadisədən 30 gün tamam olur və bu müddət ərzində Zeynəblə bağlı heç bir məlumat əldə edilməyib.
Hadisə iyulun 6-sı günorta saatlarında Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində baş verib. Məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Aparılan əməliyyat zamanı 1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Məmmədzadə xilas edilib, 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyiti isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Zeynəb Məmmədzadə hadisə zamanı itkin düşüb. O, BDU-nun Filologiya fakültəsinin FL-195 qrupunun əlaçı tələbələrindən biri kimi təqdim edilir. FHN-in iyulun 24-də yaydığı məlumata görə, Zeynəb Rasim qızı Məmmədzadənin Şüvəlan qəsəbəsi ərazisində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilir və axtarışlar davam etdirilir.
Qeyd edək ki, bu ilin yay aylarında nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib. Zeynəb Məmmədzadənin axtarışları isə hələ də nəticə verməyib.