Kiberpolis xarici ölkələrin informasiya şəbəkələrinə hücum edən iki şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadəni saxlayıblar. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilə edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər. Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək saytları tam nəzarətə götürüblər. Əldə etdikləri idarəetmə panellərini isə satışa çıxarıblar.
Araşdırma zamanı müəyyən edilib ki, R. Feyziyev ümumilikdə 2300, E. Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir. DİN bir daha vətəndaşların diqqətinə çatdırıb ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.
Qurum rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslərin müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olacaqlarını vurğulayıb. DİN həmçinin qeyd edib ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir.