Azərbaycanda "Girdimançay-I" qum-çınqıl yatağı hərraca çıxarılır
Sentyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. Hərracda İsmayıllı rayonunda yerləşən "Girdimançay-I" (13.0 ha) qum-çınqıl yatağı investorlara təklif olunacaq.
İddiaçılar hərracda iştirakla bağlı sənədləri sentyabrın 9-u saat 18:00-dək "Bakı KOB evi"nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər. Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda göstərilən məbləğdə xidmət haqqını və behi ödəməlidirlər.
Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək. Elanla Hərracların Təşkili Mərkəzinin rəsmi saytı (auksion.gov.az) vasitəsilə tanış olmaq mümkündür.