Cəmiyyət

FHN Quba Rayon Mərkəzi Xəstəxanasında təlim keçirib

11 saat 12 baxış 93% yoxlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi və Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində təlim keçirilib. Təlimə Nazirliyin Şimal Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional İdarəsinin, həmçinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin yerli struktur bölmələrinin canlı qüvvə və texnikası cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi, müəssisə heyətinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub. Tədbirin nəzəri hissəsində FHN əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər.

Təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb. Praktiki hissədə isə şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra xəstəxananın əməkdaşları tərəfindən ilkin müdaxilə həyata keçirilib.

Nazirliyin yanğından mühafizə və xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq, şərti zərərçəkmişlərin təhlükəli ərazidən təxliyə edilməsi, yanğın yerində kəşfiyyatın aparılması və yanğının söndürülməsi əməliyyatlarını yerinə yetiriblər. Uğurla başa çatan təlimdən sonra nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxsi heyətə maarifləndirici materiallar təqdim edilib.

Mənbələr

← bütün xəbərlər