Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakıda Təbriz küçəsində, "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, təmir işləri başa çatanadək 24 nömrəli marşrutun son dayanacağı Ağa Neymətulla küçəsi müəyyən edilib. Avtobusların hərəkəti Bakıxanov qəsəbəsi istiqamətində Ağa Neymətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunub.
Dəyişiklik yalnız təmir işləri dövründə qüvvədə olacaq. Sərnişinlərə marşrutun müvəqqəti sxemi ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, bu cür müvəqqəti dəyişikliklər şəhərdə aparılan infrastruktur işləri ilə əlaqədar mütəmadi olaraq həyata keçirilir.