Bakı və Ağdaşda avqustun 5-də elektrik enerjisində planlı fasilələr olacaq
"Azərişıq" ASC avqustun 5-də Bakı və Ağdaşın bəzi ərazilərində elektrik enerjisinin verilişində planlı fasilələrin olacağını açıqlayıb. Şirkətin məlumatına görə, bu tədbirlər elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədi daşıyır.
Paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov və Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin Nərimanov RETSİ-yə daxil olan Böyükşor qəsəbəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.
Ağdaşda isə planlı fasilə saat 10:00-dan 13:00-dək Ağdaş Elektrik Şəbəkəsinin ərazisində Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndlərini, Türyançay qəsəbəsini və şəhərin 42-ci məhəlləsini əhatə edəcək. Saat 10:00-dan 14:00-dək isə Qoşaqovaq, Qolqəti və Şəkili kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.