Bakı metrosunda yeni tunellərin tikintisi planlaşdırılandan tez başa çata bilər
Bakı Metropolitenində "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək təxminən 200 metr uzunluğunda iki yeni tunelin tikintisi, zəminin hidrogeoloji vəziyyəti əlverişli olarsa, planlaşdırılan 10-11 aydan daha tez başa çatdırıla bilər. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Layihə çərçivəsində "Nizami"–"28 May" istiqamətində mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Bunun əvəzinə "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində iki yeni tunel inşa olunacaq. Tikinti dövründə "Yaşıl xətt" üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız "Nizami" stansiyasına qədər təşkil ediləcək. "Qırmızı xətt" üzrə isə qatarlar "İçərişəhər"–"Həzi Aslanov" marşrutu ilə əvvəlki qaydada fəaliyyət göstərəcək, "28 May" stansiyası normal rejimdə işləyəcək.
Bəxtiyar Məmmədov qeyd edib ki, Bakı Metropoliteninin uzun illərdir həllini gözləyən əsas məsələlərindən biri "Yaşıl" və "Qırmızı" xətlərin "28 May" stansiyasında kəsişərək birləşməsidir. Bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə başlanılacaq. Bu mərhələ iki əsas istiqaməti əhatə edir: ilk olaraq "Dərnəgül" stansiyası yaxınlığındakı elektrik deposunun tikintisinin ikinci mərhələsi başa çatdırılacaq, ikinci mərhələdə isə "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək yeni tunellər inşa ediləcək.
Layihə tamamlandıqdan sonra qatarlar "Dərnəgül"–"Nizami"–"Cəfər Cabbarlı"–"Xətai" marşrutu ilə hərəkət edəcək. Sərnişinlər "Yaşıl xətt"dən "Qırmızı xətt"ə "Cəfər Cabbarlı"–"28 May" keçidi vasitəsilə, əks istiqamətdə isə "28 May"–"Cəfər Cabbarlı" piyada keçidlərindən istifadə edə biləcəklər. Sərnişin axınının daha rahat idarə olunması üçün əlavə piyada keçidi də inşa edilir.
Bəxtiyar Məmmədov həmçinin bildirib ki, layihənin növbəti mərhələsi metropolitendə sıxlığın aradan qaldırılmasına xidmət edəcək. Bu məqsədlə qatarlararası intervalların azaldılması nəzərdə tutulur. "İçərişəhər" stansiyasının arxasında dönmə kamerası tikilir, "Xətai" stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında da dönmə kamerası yaradılacaq. Bu infrastruktur qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək.