"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır
"Azərişıq" ASC paytaxt və ətraf ərazilərdə elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir. Şirkət abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, həmçinin enerji itkilərinin azaldılması məqsədilə regionlarla yanaşı Bakıda da infrastrukturun müasirləşdirilməsini həyata keçirir.
Yenidənqurma çərçivəsində yaşayış məntəqələrində 0.4, 6 və 10 kV-luq yeni dayaqlar quraşdırılır, 0.4 kV-luq özündaşıyan izolyasiyalı naqillər çəkilir. Həmçinin 6 və 10 kV-luq hava elektrik verilişi xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması üçün müasir komplekt transformator məntəqələri (KTM) quraşdırılır, köhnə sayğaclar yeniləri ilə əvəz olunur.
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində Nardaran qəsəbəsi Ləhic bağlarında və Buzovnada Albalılıq yaşayış massivində 400 kVA gücündə yeni KTM-lər istifadəyə verilib. Ümumilikdə bu idarənin ərazisində ilin sonunadək 30 yeni güc mərkəzinin yaradılması planlaşdırılır.
Xəzər rayonunda da elektrik şəbəkəsinin yenidən qurulması davam edir. Binə Atçılıq və Binə Südçülük yaşayış massivlərində 6/0.4 və 10/0.4 kV-luq yeni güc mərkəzləri yaradılıb, köhnə sayğaclar dəyişdirilib. Rayonun Binə Sovxoz, Buzovna Albalılıq, Şüvəlan, Mərdəkan və Şağan ərazilərində də işlər aparılır.
Bağlar ETSİ-nə daxil olan Məmmədli, Mehdiabad, Novxanı, Corat və Saray qəsəbələrində də elektrik təsərrüfatı yenidən qurulur. Bu yaşayış məntəqələrində ilin sonunadək ümumilikdə 16 yeni KTM-in quraşdırılıb istismara verilməsi nəzərdə tutulur.