Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralanıb
Ukraynanın Odessa şəhərinə edilən dron hücumu zamanı 18 yaşlı Azərbaycan vətəndaşı olan tələbə xəsarət alıb. Hadisə şəhərdəki yaşayış mənzillərindən birində baş verib və həmin mənzil "Şahed" tipli dronla vurulub. Bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində bir Türkiyə vətəndaşı da yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı ətraflı məlumat verilməsə də, hadisənin ciddiliyi qeyd olunur.
Azərbaycanın Ukraynadakı səfirliyi məsələni nəzarətdə saxlayır. Diplomatik nümayəndəlik yaralı tələbə ilə əlaqə saxlayaraq lazımi dəstəyi göstərmək üçün iş aparır.
Qeyd edək ki, Odessa son dövrlərdə mütəmadi olaraq Rusiya tərəfindən dron hücumlarına məruz qalır. Bu hücumlar nəticəsində mülki infrastruktura və yaşayış binalarına ziyan dəyir, dinc sakinlər arasında xəsarət alanlar olur.