Ağcabədidə marşrut avtobusları yenilənir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərişi ilə Ağcabədi şəhərində fəaliyyət göstərən marşrut avtobuslarının tamamilə yenilənməsi nəzərdə tutulub. Bu qərar ölkədə ictimai nəqliyyat şəraitinin yaxşılaşdırılması və avtobus parklarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən geniş tədbirlər çərçivəsində qəbul edilib.
Hazırda istismar edilən köhnə və yararsız nəqliyyat vasitələrinin yeni, müasir tipli "İsuzu" markalı avtobuslarla əvəzlənməsinə qərar verilib. Bildirilib ki, istismar müddəti başa çatmış avtobuslar təhlükəsizlik və rahatlıq baxımından əhalinin tələbatına cavab vermir. Bu səbəbdən həmin avtobusları işlədən şəxslərə xəbərdarlıq edilib və texniki təhlükəsizlik qaydalarına cavab verməyən nəqliyyat vasitələrinin dəyişdirilməsi tələb olunub.
Lakin geridə qalan müddətdə yararsız avtobusların dəyişdirilməsi istiqamətində addımlar atılmayıb. Nəticədə AYNA-nın göstərişi ilə Ağcabədi şəhərini əhatə edən marşrut xəttinin müasirləşdirilməsinə qərar verilib. Bu addım şəhərdə ictimai nəqliyyatın keyfiyyətini artırmaq və sərnişinlərə daha təhlükəsiz və rahat səyahət imkanı yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, AYNA tərəfindən Bakıda, böyük şəhərlərdə və rayonlarda ictimai nəqliyyatın müasirləşdirilməsi və avtobus parklarının yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə bir çox küçə və prospektlərə avtobus zolaqlarının çəkilməsi, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi və digər böyük şəhərlərdə müasir avtobusların əhalinin xidmətinə verilməsi bu istiqamətdə görülən işlərin göstəricisidir.