ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satış müddətini artırır
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə bilet satış müddətinin artırıldığını açıqlayıb. Şirkətdən verilən məlumata görə, bu dəyişiklik sərnişin məmnuniyyətinin yüksəldilməsi, artan tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər üçün əvvəlki 30 gün əvəzinə 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq. Bu yenilik sərnişinlərə səfərlərini daha erkən planlaşdırmağa, xüsusilə turizm, işgüzar səfərlər və ailə ziyarətləri ilə bağlı hazırlıqlarını daha rahat həyata keçirməyə imkan verəcək.
Satış müddətinin uzadılması həm də ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa şərait yaradacaq. Bu, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında qəbul edilməsinə imkan verəcək. Şirkət həmçinin marşrut üzrə sərnişin daşımalarının daha da yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı işləri də davam etdirir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.