Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub
Abşeron rayonunun Məmmədli qəsəbəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən edilib ki, yanğın ümumi sahəsi 260 kvadratmetr olan, bir dam altında yerləşən obyektlərdə baş verib. Bu obyektlərə avtomobil təmiri sexi və avtoehtiyat hissələri mağazasının yerləşdiyi səkkiz boks daxildir. Yanğının digər obyektlərə yayılması riski yüksək olub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb və onun digər bokslara, eləcə də yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasının qarşısı alınıb. Nəticədə iki boksun yanar konstruksiyaları 60 kvadratmetr sahədə, dam örtüyünün taxta hissələri isə 260 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Məntəqənin digər obyektləri və yanacaqdoldurma məntəqəsinin özü alovdan qorunub.