150 balla qəbul olunan ixtisasların siyahısı genişləndirilib - DİM
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında ali təhsil müəssisələrinə 150 balla qəbul mümkün olan ixtisasların sayının artırıldığını bildirib. Bu balla abituriyentlər əsasən ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində iştirak edə bilərlər. Dövlət sifarişi ilə ayrılmış yerlər üzrə isə ümumi balın ən azı 200, ikinci mərhələ üzrə balın isə minimum 100 olması tələb olunur.
Birinci ixtisas qrupu üzrə 150 balla meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisaslarına qəbul mümkündür. 2026-cı ildən etibarən bu siyahıya kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi kimi ixtisaslar da əlavə edilib.
Əvvəlki illərdə olduğu kimi, aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, həmçinin zoomühəndislik ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla 150 ballıq müsabiqədə iştirak mümkündür.
İkinci ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisaslarına 150 balla qəbul oluna bilər. 2026-cı ildən mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, eləcə də nəqliyyatda servis ixtisasları da bu siyahıya daxil edilib. Üçüncü ixtisas qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq ixtisaslarında ödənişli əsaslarla qəbul üçün minimum bal tələbi 150-dir.
Dördüncü ixtisas qrupu üzrə ekologiya ixtisasına ödənişli əsaslarla 150 balla qəbul mümkündür. Bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisaslarında isə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.