Zuğulba-Bilgəh yolunda velosiped zolağı avtomobillər tərəfindən zəbt edilib
Bakının Xəzər rayonunda, Zuğulba və Bilgəh qəsəbələrini birləşdirən yolda velosipedçilər üçün ayrılmış xüsusi zolaq avtomobillər tərəfindən zəbt edilib. Bu barədə velosiped həvəskarları sosial şəbəkələrdə məlumat yayıblar.
Velosipedçilərin bildirdiyinə görə, sanatoriya və istirahət mərkəzlərinin yerləşdiyi istiqamətdə, yolun sağ hissəsində salınmış velosiped zolağı qeyri-qanuni parkinqə çevrilib. Avtomobillərin bu zolaqda saxlanması velosipedçilərin hərəkətini çətinləşdirir və təhlükəli vəziyyət yaradır.
Sosial şəbəkədə yayılan görüntülərdə velosiped zolağının bir neçə avtomobil tərəfindən tutulduğu əks olunub. Velosiped həvəskarları aidiyyəti qurumlara müraciət edərək problemin həllini istəyiblər.
Məsələ ilə bağlı rəsmi qurumların hər hansı açıqlama vermədiyi bildirilir. Velosipedçilər zolağın avtomobillərdən təmizlənməsini və vəziyyətin nəzarətə götürülməsini tələb edirlər.