İdman

Azərbaycanlı güləşçi İbrahim Həsənov U-17 dünya çempionatının finalında

1 saat 2 baxış 96% yoxlanıb

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının altıncı günündə sərbəst güləş yarışları davam edib. Milli Gimnastika Arenasında təşkil olunan turnirdə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində mübarizə aparılıb. Azərbaycan idmançılarından yalnız biri finala yüksələ bilib.

51 kiloqram çəki dərəcəsində çıxış edən İbrahim Həsənov turnirə uğurlu başlayıb. O, ilk görüşdə gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyib. Daha sonra 1/4 finalda hindistanlı Qovindi 10:3 hesabı ilə məğlub edən güləşçimiz yarımfinalda rusiyalı İslam Kuraxmayevə qarşı 10:6 hesablı qələbə qazanıb. Beləliklə, İbrahim Həsənov finala vəsiqə əldə edib və sabah iranlı Benyamin Mayvanla qarşılaşacaq.

Digər çəki dərəcələrində azərbaycanlı idmançılar uğursuz çıxış ediblər. 45 kiloqramda Tunar Həsənov bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə məğlub etsə də, 1/4 finalda gürcüstanlı Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub. 48 kiloqramda Hüseyn Rzazadə təsəlliverici görüşlərdə bir qələbə qazanıb, lakin növbəti mərhələdə amerikalı Kuper Coşua Deputiyə 1:12 hesabı ilə məğlub olub.

60 kiloqramda Elcan Həsənov polşalı Vitold Pavlikə, 71 kiloqramda Tunar Quliyev isə qazaxıstanlı Adilet Rısbaya 2:3 hesabı ilə uduzub. 92 kiloqramda Elgün Kərimli hindistanlı Sakşam Fnu ilə görüşdə 5:5 hesablı bərabərliyə baxmayaraq, sonuncu xal prinsipinə əsasən məğlub sayılıb.

Mənbələr

← bütün xəbərlər