Texnologiya

Xəzərin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

1 saat 0 baxış 97% yoxlanıb

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabel xəttinin çəkilişi uğurla başa çatıb. Layihə "AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tərəfindən icra edilib. Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) şəhərləri arasında 380 kilometr uzunluğunda sualtı kabel xətti çəkilib. Xüsusi avadanlıqla təchiz olunmuş gəmi vasitəsilə zirehli fiber-optik kabel dəniz dibi ilə təhlükəsiz və dayanıqlı marşrut üzrə yerləşdirilib.

"AzerTelecom" şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov layihənin strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Xəzər dənizinin dibi ilə bu cür infrastrukturun ilk dəfə yaradılması layihəni texniki baxımdan mürəkkəbləşdirən əsas amil olub. Bu mərhələnin tamamlanması tezliklə Xəzər dənizi üzərindən Avropa ilə Asiya arasında trafik mübadiləsinin başlamasına imkan verəcək.

Hazırda kabel xəttinin sahilyanı infrastrukturla inteqrasiyası və yerüstü infrastrukturun tikintisi üzrə işlər davam etdirilir. Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını təmin edəcək və böyük həcmdə məlumat mübadiləsinə şərait yaradacaq.

Trans-Xəzər Fiber-Optik Kabel Xətti "Rəqəmsal İpək Yolu" layihəsinin mühüm hissəsidir. Bu layihə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizini nəzərdə tutur. Bu dəhliz məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

"AzerTelecom" regionun ən böyük beynəlxalq magistral operatorudur və internet trafikinin topdansatışı, tranziti, transmissiya və digər xidmətləri təqdim edir. Şirkət "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir. "Kazakhtelecom" isə Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli operator statusuna malikdir.

← bütün xəbərlər