Xalq şairi Nəriman Həsənzadə vəfat edib
Azərbaycanın ədəbiyyat və mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib. O, iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. O, 1949-1953-cü illərdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində, 1961-ci ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Daha sonra Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspiranturada təhsil alaraq "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edib.
Şair uzun illər ərzində müxtəlif vəzifələrdə çalışıb. O, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində işləyib, 1976-1990-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olub. Nəriman Həsənzadə həmçinin Azərbaycan Ali Sovetinin deputatı, mətbuat və informasiya nazirinin birinci müavini vəzifələrində çalışıb, uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.
Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatında dərin iz qoyub. Onun "Könlüm şeir istəyir", "Unudulmaz günlər", "Nabat xalanın çörəyi" kimi kitabları ona böyük şöhrət qazandırıb. Şairin əsərlərində vətənpərvərlik ruhu və əxlaqi-mənəvi dəyərlər xüsusi yer tutur. Onun əsərləri bir çox xarici dillərə tərcümə olunub, əsərləri əsasında "Atabəylər", "Bütün Şərq bilsin" kimi tamaşalar hazırlanıb.
Dövlət şairin xidmətlərini yüksək qiymətləndirib. O, "Əməkdar incəsənət xadimi" və "Xalq şairi" fəxri adlarına, "Şöhrət", "Şərəf", "İstiqlal" və "Heydər Əliyev" ordenlərinə layiq görülüb. Nəriman Həsənzadə həmçinin Heydər Əliyev Mükafatının laureatı olub və 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi. Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.